CƏMİYYƏT
MDB-də məhkəmə-ekspert fəaliyyəti sahəsində Koordinasiya Şurası yaradılıb
![MDB-də məhkəmə-ekspert fəaliyyəti sahəsində Koordinasiya Şurası yaradılıb](/files/2023/3/1200x630/16972732704005454189_1200x630.jpg)
Bakı, 14 oktyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyində məhkəmə-ekspert fəaliyyəti sahəsi üzrə Koordinasiya Şurası yaradılıb. Müvafiq saziş oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında imzalanıb.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şuranın tərkibinə milli məhkəmə ekspertizası orqanlarının əməkdaşlığının koordinasiya edilməsinə cavabdeh olan səlahiyyətli dövlət orqanlarının (qurumlarının) rəhbərlərinin daxil olacağı güman edilir.
Şura ölkələrin məhkəmə-ekspert fəaliyyəti sahəsində milli qanunvericiliyinin yaxınlaşmasına və uyğunlaşdırılmasına kömək edəcək, müvafiq dövlət orqanları, MDB orqanları, habelə onun səlahiyyətlərinə daxil olan məsələlər üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək, əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi üçün təkliflər işləyib hazırlayacaq.
Həmçinin onun funksiyalarına məhkəmə-ekspert fəaliyyətinin əhatə dairəsinə təsir göstərən dövlətlərarası proqramların hazırlanmasında və həyata keçirilməsində, ekspert tədqiqat metodlarının sistemləşdirilməsi, standartlaşdırılması və birləşdirilməsində, səlahiyyətlərinə aid məlumat mübadiləsinin təşviqində metodik nəşrlərin hazırlanması və paylanmasının təşkili, kadrların ixtisasartırması, birgə elmi və praktik konfransların keçirilməsi məsələlərinə baxılması, qarşılıqlı maraq doğuran problemlərə dair tədqiqat işlərinin aparılması daxildir.