MDB-DƏ STRUKTUR İSLAHATLARI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Yeni vəzifədə ölkəmizə təqdimat səfərinə gəldiyini deyən Vladimir Ruşaylo xatırlatdı ki, sentyabr ayında Qazaxıstanın paytaxtı Astana şəhərində MDB ölkələrinin dövlət və hökumət başçılarının növbəti sammitini keçirmək nəzərdə tutulmuşdur.
Həmin görüşə hazırlıq çərçivəsində Azərbaycan rəhbərliyi ilə məsləhətləşmələr aparmaq və sammitin gündəliyi ilə əlaqədar rəy və təkliflərini öyrənmək üçün Bakıya gəldiyini bildirən qonaq sammitdə müzakirə olunacaq məsələlərdən ibarət sənədlər paketini təqdim etdi.
Yeni vəzifədə qonağa uğurlar arzulayan Azərbaycanın Baş naziri MDB-də struktur təkmilləşməsi və islahat prosseslərinin zəruriliyi barədə mülahizələrini söylədi. Baş nazir qeyd etdi ki, qrumun hüquqi və icra funksiyalarının dəqiqləşdirilməsi ilə yanaşı, idarəetmə aparatının sadələşdirilməsi və keçmiş ittifaqa xas bürokratik iş üslubunun aradan qaldırılması vacib şərtlərdəndir. Sonra Baş nazir Artur Rasizadə MDB ölkələri arasında mövcud olmuş iqtisadi–mədəni əməkdaşlığın yeni münasibətlər müstəvisində qarşılıqlı faydalı əsaslarla davam etdirilməsinin məqbul olduğunu vurğuladı.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.
Baş nazirin birinci müavini Abbas Abbasov qəbulda iştirak edirdi.