CƏMİYYƏT
MDB-nin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 35-ci sessiyası keçirilir
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 11-dən 12-dək Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilməsi nəzərdə tutulan Müstəqil Dövlətlər Birliyinin (MDB) Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 35-ci sessiyası bu gün öz işinə başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyada sözügedən şuranın üzvləri olan MDB ölkələrinin hidrometeorologiya xidmətlərinin rəhbərləri və şuranın İcraiyyə Komitəsinin nümayəndələri iştirak edirlər. Mütəmadi keçirilən tədbirdə milli və dövlətlərarası səviyyədə hidrometeorologiya sahəsi üzrə görülən işlər, əməkdaşlıq perspektivləri və digər aidiyyəti məsələlər müzakirə olunur.
Azərbaycan Respublikasından nümayəndə qismində iştirak edən və şuranın hazırkı sədri Milli Hidrometeorologiya Xidmətinin (MHX) rəisi Nazim Mahmudov ölkəmizdə hidrometeorologiya sahəsi üzrə görülən işlər, erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsi, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına hazırlıq işləri barədə təqdimatla çıxış edərək tədbir iştirakçılarına məlumat verib.
Həmçinin şuranın reqlamentinə uyğun olaraq, Azərbaycanın ev sahibliyi etdiyi ötənilki 34-cü sessiyada Hidrometeorologiya üzrə Dövlətlərarası Şuranın dönəm sədri seçilmiş MHX-nin rəisi N.Mahmudov tərəfindən sədrlik növbəti sessiyaya qədər Tacikistan Hökuməti nümayəndəsinə ötürülüb.