MDB-NİN UZUNMÜDDƏTLİ MÜŞAHİDƏÇİ MİSSİYASININ ÜZVLƏRİ AZƏRBAYCANIN CƏNUB BÖLGƏSİNDƏ OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, prezident seçkiləri ilə əlaqədar MDB-nin uzunmüddətli müşahidəçi missiyasının Bakıdakı mənzil-qərargahı işə başlamışdır. Seçkilərə hazırlığın vəziyyətini öyrənmək üçün missiya Azərbaycanın cənub bölgəsində olmuşdur.
Missiya üzvləri Hacıqabul, Salyan, Astara, Lənkəran, Lerik və Cəlilabad rayonlarına səfər edərək dairə və məntəqə seçki komissiyalarına baş çəkmişlər.
MDB-nin uzunmüddətli müşahidəçi missiyasının qərargah rəhbərinin müavini Oleq Quleba yerlərdə yüksək hazırlığın aparıldığını qeyd etmişdir. Onun sözlərinə görə, bütün hazırlıq işləri qanunvericiliyə uyğun aparılmışdır. Seçicilərlə görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Qonaq hesab edir ki, bütün ölkələrdə seçkilər zamanı ən çox problem yaradan məsələ seçici siyahıları ilə bağlı olur. Azərbaycan bu sahədə problemlərin olmaması üçün maksimum çalışır. O demişdir ki, məntəqə seçki komissiyalarının üzvləri seçici siyahılarını bir neçə dəfə yoxlayıblar. Bundan əlavə, ev və mənzillər üzrə dəqiqləşdirmə də aparılıb. İndi yenə də bu siyahıların tutuşdurulması aparılır. Biz gördük ki, Azərbaycanda bu məsələyə də yanaşma çox ciddidir.
Missiya seçki məntəqələrinin artıq səsverməyə hazır olduğunu qeyd etmişdir. Məntəqələr səsvermə kabinələri və qutularla təmin olunmuşdur. Məntəqələrin yaxınlığında təbliğat üçün xüsusi lövhələr qoyulmuşdur.
Oleq Quleba müxtəlif ölkələrdəki müşahidə təcrübəsinə əsaslanaraq bildirmişdir ki, seçkilərdən bir ay əvvəl bütün məntəqələrin səsverməyə hazır olması nadir haldır. Azərbaycandakı yüksək hazırlıq səviyyəsi seçki komissiyaları və rayonların rəhbərliyinin prosesə diqqətindən xəbər verir. Qısamüddətli müşahidəçi missiyası isə təxminən 250-300 nəfərdən ibarət olacaqdır. Missiyanın tərkibində həm də MDB Parlamentlərarası Assambleyasının müşahidəçi qrupu işləyəcəkdir. Müşahidəçilər seçki günü ərəfəsində ölkəyə gələcəklər. Missiyanın qərargahı müşahidəçiləri Azərbaycanın bütün dairələri üzrə bölüşdürəcəkdir.
Missiya üzvləri indi şimal regionuna səfərə hazırlaşırlar. Yeri gəlmişkən, missiyanın müşahidələri əksər regionları əhatə edəcəkdir. Bununla əlaqədar Xaçmaz, Naxçıvan, Lənkəran və Gəncədə də missiyanın qərargahları yaradılacaqdır.