MƏCBURİ KÖÇKÜN QADINLARIN VƏZİYYƏTİNƏ DAİR HESABATIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi Gülşən Paşayeva görülən işlər barədə ətraflı məlumat vermiş, qiymətləndirmə çərçivəsində məcburi köçkün qadınların problemlərinin müəyyənləşdirildiyini bildirmişdir. O, hesabatın Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiyaya və BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinə müvafiq hazırlandığını qeyd etmişdir. G.Paşayeva hesabat hazırlanarkən 230-dan artıq məcburi köçkün və yerli qadının dəlillərinə, QHT-lərin, beynəlxalq ekspertlərin və hökumət rəsmilərinin məlumatlarına əsaslandığını söyləmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışmışdır. O, ölkədə 1 milyondan artıq qaçqın və məcburi köçkün yaşadığını, komitənin qadın və uşaqlarla bağlı müvafiq tədbirlər həyata keçirəcəyini söyləmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsi müdirinin müavini Məhəmməd Məhərrəmov, BMT-nin İnkişaf Proqramının nümayəndəsinin müavini Devid Ayzenber və digər çıxış edənlər hesabatın əhəmiyyətindən danışmışlar.