“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin mart buraxılışı çapdan çıxıb
Bakı, 28 fevral, AZƏRTAC
“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin yeni çapdan çıxan mart ayı buraxılışı maraqlı məlumatlarla zəngindir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, pulsuz yayılan “Afişa” əlavəsinin mart nömrəsində Azərbaycan Dövlət Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, “YUĞ”, Pantomima teatrlarında göstəriləcək tamaşalar, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrında təqdim olunacaq konsertlər, Bakı Dövlət Sirkinin yeni proqramı, eləcə də böyük ekrana çıxan yeni filmlər, qalereya və sənət mərkəzlərindəki sərgilər barədə ətraflı məlumat almaq mümkündür.
Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar da verilib.
Mart ayı qan yaddaşımıza xalqımızın 1918-ci ildə yaşadığı acı tarixlə də həkk olunub. Teatrların repertuarında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı təqdim ediləcək tamaşalar da “Afişa”da ayrıca qeyd olunub.
“Mədəniyyət + Afişa” nəşri Mədəniyyət Nazirliyinin və “ASAN xidmət”in dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında yayılır. Mart buraxılışı fevralın 27-dən etibarən Bakıdakı “ASAN xidmət” mərkəzlərində sakinlərə təqdim olunur. “ASAN xidmət”in əməkdaşları vətəndaşlara nəşr haqqında məlumat verirlər.