Mədəniyyətlərarası Dialoq Forumu dünyada əmin-amanlığın təmin edilməsinə Azərbaycanın dəyərli töhfəsidir
Bakı, 30 may, AZƏRTAC
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkədən 500-dən çox nümayəndənin iştirakı sübut etdi ki, dünyanın təhlükəsizliyi naminə Azərbaycanın müxtəlif mədəniyyətlər, etnik qrup və dinlər arasında dialoqun təbliği sahəsində fəaliyyəti çox geniş dəstək qazanıb. Bu forumda Azərbaycan bir daha dünyada baş verən müsbət tendensiyaları təqdir etməklə yanaşı, mövcud problemlərlə bağlı öz narahatlığını da ifadə etdi. Qlobal platformaya çevrilən bu forum dünyada sülhün, əmin-amanlığın, dinc yanaşı yaşamağın təmin edilməsinə Azərbaycanın ən mühüm töhfəsi kimi dəyərləndirilməlidir.
Bu fikirləri ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov AZƏRTAC-a müsahibəsində söyləyib.
Fərrux Rüstəmov qeyd edib ki, bəşəriyyətin intellektual səviyyəsi günbəgün, ilbəil artsa da, dağıdıcı müharibələr, müxtəlif xəstəliklər, on milyonlarla insanların yurd-yuvalarından qaçqın düşməsi, ekoloji tarazlığın pozulması, narkomaniya, insan alveri, ərzaq və su qıtlığı insanların mənəviyyatına güclü təsir göstərir, onlardakı insani hissləri öldürür. Bu baxımdan Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq üçün əlverişli məkandır.