MƏDƏNİYYƏTLƏRİN DİALOQU XALQLAR ARASINDA DOSTLUQ ƏLAQƏLƏRİNİ MÖHKƏMLƏNDİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Rusiyanın xalq artistləri Oleq Qazmanov, İrina Ponarovskayanın və əməkdar artist Yan Arlazorovun iştirakı ilə Heydər Əliyev adına Sarayda konsert olmuşdur.
Üç hissədən ibarət konsertdə müğənnilər rəngarəng ifaları ilə tamaşaçıları heyran qoymuşlar. Konsertlə bağlı təkcə onu demək kifayətdir ki, Rusiyanın tanınmış müğənnilərinin bakılılar qarşısındakı çıxışı proqramda nəzərdə tutulduğundan xeyli artıq çəkmişdir.
X X X
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Rusiya və dünya opera səhnəsinin primadonnası Lyubov Kazarnovskaya Berstovski, Abaza, Şişkin, Feldman, Tosti, Leonkavallonun mahnılarını, Puççininin, Kalmanın operalarından ariyalar oxumuşdur. Məşhur vokalçını müşayiət edən Rusiya Böyük Teatrı Orkestrinin kamera ansamblının ifasında Çaykovski və Maskaninin əsərləri səslənmişdir. Müğənnini və ansamblın çıxışını musiqisevərlər hərarətlə qarşılamış, ifaçılara gül-çiçək dəstələri təqdim etmişlər.
X X X
Rusiya Federasiyası incəsənət ustalarının daha bir konserti Sumqayıtda olmuşdur.
Kimyaçıların Üzeyir Hacıbəyov adına mədəniyyət sarayının ağzınacan dolu salonu Rusiyanın diqqətəlayiq yaradıcı kollektivlərini sürəklə alqışlamışdır. Nadejda Babkinanın rəhbərliyi ilə “Russkaya pesnya – XXI vek” dövlət ansamblının çıxışları sumqayıtlıların yaddaşında uzun müddət qalacaqdır. Məharətli vokal, “Folk şou” üslubunda gözəl proqram tamaşaçılara rus milli xarakterini, koloritini hiss etməyə imkan vermişdir.
“Relikt” vokal üçlüyünün, Sankt-Peterburqdan “Diskomafiya” qrupunun nümayiş etdirdikləri yüksək peşəkarlıq, habelə artist Aleksandr F.Sklyarın solo çıxışı tamaşaçıların ürəyincə olmuşdur.
X X X
“Nizami” kinoteatrında tamaşaçılar kinorejissor Aleksandr Tsatsuyevin Vladislav Romanovun ssenarisi əsasında çəkdiyi “Yeger” bədii filminə maraqla tamaşa etmişlər.
Filmdə hadisələr nadir qoruğun nəzarətçisi, istefada olan Yeger ləqəbli kapitanın ətrafında cərəyan edir. Filmdə icazəsiz ov edənlərlə, xüsusən dövlət məmurları ilə Yegerin mübarizəsi kəskin süjet xəttində verilmişdir.
Baş rolları İqor Livanov, Andrey Fedortsov, Anna Bolşova, Viktor Stepanov və başqaları ifa edirlər.
X X X
Beynəlxalq Teatr Agentliyi “Art-Patner-XXI”-in Bakıda qastrolları başlamışdır.
Səməd Vurğun adına Rus Dram Teatrında kollektiv Bakı tamaşaçılarına italyan dramaturqu Qiqo De Kyaranın “Eleonora” pyesi əsasında Roman Viktyukun quruluş verdiyi eyni adlı səhnə əsərini təqdim etmişdir.
Tamaşa görkəmli italyan aktrisası Eleonora Duzenin həyat və yaradıcılığına həsr olunmuşdur. Tamaşaçının gözləri qarşısında aktrisanın vətəndən uzaqda, Pittsburqda soyuq, nəmli mehmanxanada yaşadığı tənha son gecəsi canlandırılır. Eleonora səhnəyə qədəm basdığı ilk anları, sonralar teatrın onun həyatında oynadığı günləri xatırlayır.
Baş rollarda Rusiyanın xalq artisti, dövlət mükafatı laureatı İrina Sokolova, M.P.Musorqski adına Opera və Balet Teatrının solisti, əməkdar artist Vladimir Əcəmov oynayırlar.