DÜNYA
Media: HƏMAS Qəzza sektorunda atəşkəsə razıdır
Bakı, 27 noyabr, AZƏRTAC
Fələstinin HƏMAS hərəkatı Livan və İsrail arasında atəşkəs elan edildikdən sonra Qəzza sektorunda analoji saziş bağlamağa hazırdır.
AZƏRTAC xəbər verir ki, “France-Presse” agentliyi bu barədə hərəkatın adını açıqlamayan nümayəndəsinə istinadla məlumat yayıb.
“HƏMAS atəşkəs razılaşmasına və əsir mübadiləsinə hazırdır. Livanda atəşkəsin elan edilməsi müqavimət qüvvələri üçün qələbə və böyük uğurdur”, - deyə hərəkatın nümayəndəsi bildirib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza sektorunda fəaliyyət göstərən HƏMAS hərəkatının İsrailin nəzarətində olan ərazilərə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə İsrail Fələstində, həmçinin Livan və Suriyanın bəzi rayonlarında hərbi əməliyyatlara başlayıb.