MƏHKƏMƏ QƏRARLARININ İCRASI İLƏ BAĞLI QƏTİ TƏDBİRLƏR GÖRÜLÜR
Lakin, ictimaiyyəti narahat edən və haqlı şikayətlərə səbəb olan icra vəziyyətinin yaxşılaşdırılması və işçilərə qarşı tələbkarlığın artırılması üçün əlavə qəti tədbirlərin görülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar məhkəmə qərarlarının icrası sahəsində problemləri təhlil etmək, xidmətin əməkdaşları tərəfindən yol verilən ciddi nöqsanların və qanun pozuntularının səbəblərini araşdırmaq məqsədi ilə Ədliyyə Nazirliyində ölkənin bütün rayon və şəhər məhkəmə nəzarətçiləri və icraçıları qurumları rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə geniş müşavirə keçirilmişdir.
Tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısının tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üzrə genişmiqyaslı tədbirlər görüldüyünü qeyd edərək, məhkəmə qərarlarının icrasının bəzən əsassız olaraq yubadılmasının və süründürülməsinin, vətəndaşların get-gələ salınmasının və digər kobud nöqsanlara yol verilməsinin ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərdiyini vurğulamışdır. Nazir mövcud nöqsanlarla bağlı yerli qurumların rəhbərlərini dinləyərək ciddi iradlar tutmuş, fəaliyyətində dönüş yarada bilməyən, qüsurlara yol verən və vətəndaşlara etinasız yanaşan işçilərə ədliyyə sistemində yer olmadığını bildirmişdir.
Müşavirədə çıxış edən əməkdaşlar məhkəmə qərarlarının icrasında mövcud nöqsanların səbəbləri, həmçinin cərimə, islah və ictimai işlərin, digər cəzaların icrası üzrə çatışmazlıqların aradan qaldırılması yollarından bəhs etmişlər.
Tədbirə dəvət olunmuş məhkəmə sədrləri bu sahədə vəziyyətin yaxşılaşdırılması ilə bağlı öz mülahizə və təkliflərini bildirmişlər.
Kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə Bakı şəhərinin Sabunçu və Nəsimi rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbələrinin rəisləri Əkrəm Əliyev və Qədir Mikayılov, Bərdə və İmişli rayon qurumlarının rəhbərləri Tariyel Qədirov və Taleh Qasımov müzakirələrin yekunlarına əsasən ədliyyə nazirinin əmri ilə tutduqları vəzifədən azad edilmiş, bir sıra məsul əməkdaşlar ədliyyə orqanlarından xaric olunmuşlar. Həmçinin xidməti vəzifələrini yarıtmaz yerinə yetirən bir çox əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilmiş və işdə dönüş yaratmaları üçün onlara vaxt verilmişdir.
Eyni zamanda, nazirliyin Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları İdarəsinin rəhbərliyinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, tabe qurumların fəaliyyətində olan nöqsanların aradan qaldırılması, vətəndaşların müraciətlərinə diqqətlə baxılması üçün təsirli tədbirlərin görülməsi barədə ciddi tapşırıqlar verilmişdir.