Mehmet Akif Üstündağ: Dost və qardaş Azərbaycan komandası ilə finalda qarşılaşmaq istəyirik
Bakı, 29 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Qadın voleybolçular arasında Avropa çempionatı çox yüksək səviyyədə təşkil olunub. Bizim ən böyük arzumuz iki dost və qardaş ölkənin yığma komandalarının yarışın finalında qarşılaşmalarıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ deyib.
Oyunları şərh edən Türkiyə Voleybol Federasiyasının prezidenti bildirib ki, qarşılaşmalar maraqlı idman mübarizəsi şəraitində keçir.
Keçirdikləri oyunların asan olmayacağını əvvəlcədən bildiklərini deyən M.Üstündağ qeyd edib ki, Polşa ilə çox gərgin keçən qarşılaşmada komandası əzmkarlıq göstərərək qələbə qazanıb. Federasiya prezidenti Türkiyə komandasına dəstək olan hər kəsə, xüsusilə də azərbaycanlı azarkeşlərə minnətdarlığımı bildirib. O deyib: “Bizə göstərilən qonaqpərvərlik və doğma münasibət ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının müdrikliyini bir daha sübut edir”.
Türkiyə Voleybol Federasiyasının prezidenti, həmçinin bildirib ki, qrup mərhələsində qarşılaşdıqları Rusiya millisi ilə yarımfinalda yenidən üz-üzə gələcəklər. “Komandalar arasındakı ilk qarşılaşmada Rusiya millisi qalib gəldi. İnanıram ki, biz yarımfinalda qələbə qazanaraq həlledici qarşılaşmaya vəsiqə əldə edəcəyik”, - deyə M.Üstündağ əlavə edib.