MEK əməkdaşlarına elmmetrik fəaliyyət istiqamətində təlim keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşlarına qlobal elmi məkanda informasiya proseslərinin idarə olunması, öyrənilməsi, qiymətləndirilməsi, bu proseslərə nüfuz etmək və Azərbaycan elmi informasiya məkanında yerini, çəkisini müəyyənləşdirərək tətbiqi sahəsində təlim keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, təlim tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi tərəfindən keçirilib. Təlim çərçivəsində kitabxanadakı mütəxəssislərə yeni trendlər, istiqamətlər, tətbiqi sahələrlə əlaqədar məlumat verilib. Həmçinin iştirakçılar indeksləşən və arxivləşən məlumat bazaları, elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi, metriks ölçülər və reytinqlərin hesablanması, akademik profillərin yaradılması, elmi məqalələrin formatı və s. mövzularda məlumatlandırılıb. Qeyd edilib ki, elmmetrik fəaliyyət son 20 ildə çox populyar və əhəmiyyətli bir istiqamətdir və Azərbaycanda bu informasiya proseslərinin öyrənilməsi ilə əlaqədar mütəxəssislərin yetişdirilməsinə önəm verilir. Elmi informasiya müəssisəsi olaraq MEK bu prosesləri öyrənən bir mərkəzdir.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.