Meksikanın Anahuak Universitetində Azərbaycanla bağlı təqdimat olub
Vaşinqton, 31 mart, AZƏRTAC
Meksikanın Anahuak Universitetində təşkil olunmuş Yaxın Şərq və Qafqaz üzrə akademik və mədəni həftənin açılışı olub.
Tədbirdə Universitetin və onun qlobal tədqiqatlar fakültəsinin rəhbərliyi, eləcə də Azərbaycan, Pakistan, İran, Qazaxıstan, Mərakeş və Səudiyyə Ərəbistanının Meksikadakı diplomatik missiyalarının rəhbərləri iştirak ediblər.
Universitetin rektoru Çipriano Sançez Qarsiya çıxışında üçüncü ildir ki, keçirilən və artıq ənənəyə çevrilmiş bu həftənin əsas məqsədinin Meksika cəmiyyətinin dünyanın müxtəlif regionları və xüsusən də Yaxın Şərq və Qafqazla daha yaxın tanış olması, oradakı ölkələr barədə biliklərinin genişləndirilməsi olduğunu qeyd edib. O, dünyanın hazırda gərgin dövr yaşadığını vurğulayaraq sülh və əmin-amanlıq naminə dialoqun zəruriliyini qeyd edib.
Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxışında ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verib, məhz Azərbaycanda Şərqin ilk demokratik dövlətinin yarandığını deyib. Diplomat 25 il öncə müstəqilliyini bərpa etmiş ölkəmizin üzləşdiyi çətinliklərə baxmayaraq, bütün sahələrdə regionun liderinə çevrildiyini, irimiqyaslı qlobal layihələrin təşəbbüskarı olduğunu bildirib. May ayında Bakıda IV Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini diqqətə çatdıran diplomat bu nailiyyətlərin hamısının məhz Azərbaycan rəhbərliyinin və şəxsən Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı, bu istiqamətdə məqsədyönlü və ardıcıl siyasəti nəticəsində mümkün olduğunu xüsusi ilə qeyd edib.
Tədbir zamanı Azərbaycanın tarixinə, mədəniyyətinə, mətbəxinə dair materiallar paylanıb, ölkəmizin gözəl təbiəti, tarixi abidə və memarlığı ilə bağlı şəkillər nümayiş etdirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton