Meksikanın “Yavne Koleci”nin tələbələri üçün Azərbaycanla bağlı təqdimat keçirilib
Vaşinqton, 1 fevral. AZƏRTAC
1942-ci ildən Meksikanın ilk yəhudi təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Yavne Kollecinin tələbələri üçün Azərbaycanın Meksikadakı səfirliyində ölkəmizlə bağlı təqdimat keçirilib.
Həmin tələbələr yaxın vaxtlarda ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının model simulyasiya yarışında iştirak edəcək və həmin simulyasiya yarışı çərçivəsində BMT modelində Azərbaycanı təmsil etməyi seçiblər.
Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov tələbələrə ölkəmizin tarixi və mədəniyyəti barədə geniş məlumat verib, Azərbaycan xalqının tarixən proqressivliyi ilə seçildiyini və dünya tarixində müsəlman Şərqin ilk demokratik respublikasının məhz Azərbaycanda yarandığını deyib. Məmməd Talıbov bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd edildiyini və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu diqqətə çatdırıb. Diplomat Azərbaycanın müstəqilliyini bərpa etdikdən dərhal sonra üzləşdiyi çətinliklərə və xarici təcavüzə baxmayaraq, bütün sahələrdə əldə etdiyi sürətli inkişaf barədə danışıb, ölkəmizin dünyada öz layiqli yerini tutduğunu vurğulayıb. Bildirib ki, bütün bu uğurlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin apardığı müdrik və ardıcıl siyasət nəticəsində nail olmaq mümkün olub. Qeyd edib ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük uğurlar, nailiyyətlər qazanır. Azərbaycanın təşəbbüsü ilə qlobal miqyaslı iqtisadi layihələrin reallığa çevrildiyini deyən diplomat Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri barədə, həmçinin uğurla həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsi, onların region ölkələrinin rifahı, Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə danışıb.
Müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin Azərbaycanda heç bir ayrı-seçkiliyə məruz qalmadan birgə yaşadığını qeyd edən diplomat bildirib ki, dövlətimizin başçısının bu sahəyə ayırdığı xüsusi diqqət nəticəsində ölkəmiz dünyada mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib.
Məmməd Talıbov son zamanlar Azərbaycanın turistlər üçün daha da cəlbedici olduğunu, burada müxtəlif dünyamiqyaslı tədbirlərin böyük uğurla keçirildiyini bildirib. Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək iddiasında olduğunu diqqətə çatdırıb. Bundan əlavə o, ölkədə turizm infrastrukturunun sürətlə inkişaf etdiyini bildirib, həmçinin 2017-ci ilin əvvəlindən fəaliyyətə başlamış “ASAN Viza” sistemi barədə də ətraflı məlumat verib.
Ölkəmiz barədə məlumatı böyük maraqla qarşılayan tələbələrin çoxsaylı suallarını cavablandıran müvəqqəti işlər vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanda xarici tələbələrin təhsil almaq imkanları, Azərbaycanda yəhudi icması və s. barədə tələbələrə geniş məlumat verib.
Görüşdə ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib, müxtəlif broşürlər paylanılıb.
Bundan sonra qonaqlar ənənəvi çay süfrəsinə dəvət edilib, onlara milli şirniyyatlarımız təqdim edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton