Məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı müşavirə keçirilmişdir
Bakı, 18 may (AZƏRTAC). Bakıdakı 276 nömrəli orta məktəbdə məktəbəqədər təhsil müəssisələrindəki vəziyyətlə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə təhsil naziri Misir Mərdanov, təhsil işçiləri, paytaxtın məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak etmişlər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, M.Mərdanov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışmış, bu sahənin inkişafı ilə bağlı həyata keçirilən proqramların əhəmiyyətini vurğulamışdır.
Məktəbəqədər təhsilin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verən nazir qeyd etmişdir ki, son illərdə yeni bağçalar tikilmiş və bir çox bağçalar əsaslı təmir olunmuşdur. O, həmçinin məktəbəqədər təhsil müəssisələrindəki problemlərə toxunaraq, bu müəssisələrdəki mənfi halların aradan qaldırılması üçün ciddi tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Qeyd edilən təhsil müəssisələrində baş verən xoşagəlməz hallarla əlaqədar bu ilin ötən aylarında nazirliyin “Qaynar xətt” xidmətinə 50 müraciətin daxil olduğunu söyləyən nazir, həmin bağçalardakı mövcud vəziyyətə dair konkret faktları diqqətə çatdırmışdır. Bəzi məktəbəqədər təhsil müəssisələrində yaranmış vəziyyətdən narazılığını bildirən M.Mərdanov bağça müdirlərinə nöqsanların tezliklə aradan qaldırılması ilə bağlı tapşırıqlar vermişdir.