Məktəblilər arasında “Novruz-2022” minifutbol turniri keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Yeniyetmə oğlanlar arasında “Təhsil” Respublika İdman Mərkəzinin “Novruz-2022” minifutbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançılar arasında keçirilən yarışa Mərkəzin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 12 komanda qatılıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə birinci yeri 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub. İkinci pillədə Gəncə şəhər 1 nömrəli, üçüncü yerdə isə Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəblərinin təmsilçiləri qərarlaşıblar.
Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medallarla təltif olunublar.