Məktəblilər arasında robotexnika üzrə “Robotunu yarat” müsabiqəsi başa çatıb
Naxçıvan, 24 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında robotexnika üzrə keçirilən “Robotunu yarat” müsabiqəsi başa çatıb. Müsabiqə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev muxtar respublikada təhsilin inkişafı istiqamətində görülən məqsədyönlü işlərdən danışıb. Bildirib ki, ümumtəhsil məktəbləri ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqlarını inkişaf etdirmələri və sağlam böyümələri üçün hər cür şərait yaradılıb. Ötən tədris ilindən şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tətbiq edilən “İnnovativ dərnəklər” layihəsi çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, ümumilikdə, 45-dən çox yeni dərnəklər, o cümlədən “Robotexnika” dərnəyi yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində yaradılan dərnəkdə müəllimlər üçün təlimlər təşkil edilib, yaradılan dərnəklər lazımi avadanlıqlarla təchiz olunub. Hazırda isə Ordubad rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılır.
Qeyd olunub ki, 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə ümumtəhsil məktəblərində şagirdlərə beş sahənin - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodunun tətbiqinə başlanılıb. Hazırda isə Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonu, Naxçıvan şəhər 5, 11, 12 və 14 nömrəli və Ordubad şəhər 1 nömrəli tam orta məktəblərdə STEAM kabinələrinin, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam edir.
Müsabiqədə şəhər və rayon məktəblərinin VI-IX sinif şagirdləri iştirak ediblər. “Robotunu yarat” müsabiqəsinin şərtlərinə əsasən şagirdlər komanda şəklində yarışıblar. Hər komandada 5 şagird olmaqla, 8 komanda yarışda iştirak edib.
Qiymətləndirilmə və qaliblərin seçilməsi üçün münsiflər heyəti yaradılıb. Yekun nəticələrə əsasən qiymətləndirilmədə dizaynı, işləməsi, mühəndislik, proqramlaşdırma, hərəkət və ya komanda vermə ilə əlaqəli tapşırıqları icra edən robot qalib elan olunub. Beləliklə I yerə Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzi, II yerə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, III yerə Şərur rayon Şəhriyar kənd tam orta məktəbi, həvəsləndirici yerlərə isə Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi, Ordubad Rayon Texniki Yaradıcılıq Mərkəzi, Ordubad rayon Nüsnüs kənd tam orta məktəbi, Şərur rayon Qarabürc kənd tam orta məktəbi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey layiq görülüb.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.