“Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsinə yekun vurulmuşdur
Bakı, 6 may (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda keçirdiyi publisistik məqalə müsabiqəsinə yekun vurmuşdur. Müsabiqədə ali təhsil məktəblərinin tələbələri iştirak etmişlər.
Mayın 6-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli liderin mərkəzin önündə ucaldılmış heykəlinin önünə gül dəstələri qoymuşlar.
Tədbir ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, əbədi və dönməz olmasında göstərdiyi tarixi xidmətlərə həsr edilmiş filmin nümayişi ilə başlanmışdır.
Mərasimdə çıxış edən Suraxanı Rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndərin genişmiqyaslı dövlətçilik fəaliyyəti haqqında danışmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik vəzifəsini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə tariximizdə silinməz iz qoymuşdur.
AQUPDK-nın sədri Hicran Hüseynova demişdir ki, gənc nəslin ulu öndər Heydər Əliyevin şəxsiyyətinə maraq və məhəbbəti, onun fəaliyyətinin ölkəmiz üçün əhəmiyyətini dərindən dərk etməsi bizi ürəkdən sevindirir. H.Hüseynova bu müsabiqəyə marağın ötən illə müqayisədə xeyli artdığını qeyd etmiş, təqdim olunan materialların münsiflər heyəti tərəfindən seçilərək qiymətləndirildiyini qeyd etmişdir. Bildirmişdir ki, insanı ölkənin milli sərvəti hesab edən ulu öndər həmişə gənc nəslin sağlam böyüməsinin, düzgün təlim-tərbiyəsinin qayğısına qalmışdır. Onun köməyi və qayğısı sayəsində gənc alimlərimizin, ziyalılarımızın sorağı beynəlxalq elmi konfranslardan, mötəbər elmi məclislərdən eşidilməyə başlamışdır.
Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova, Bakı Dövlət Universitetinin dosenti Tamam Cəfərova və digər çıxış edənlər ulu öndərin milli dövlətçiliyimizin qorunub saxlanmasında əvəzsiz xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, bütün həyatını Azərbaycanın çiçəklənməsinə həsr etmiş Heydər Əliyev müstəqil dövlətçiliyimizi böyük təhlükələrdən qurtarmışdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirir. Müasir Azərbaycan Heydər Əliyevin yolu ilə irəliləyir.
Sonda müsabiqənin qalibləri mükafatlandırılmışlar. Birinci yerə Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Həbibə Sadiqli, ikinci yerə Bakı Dövlət Universitetinin tələbəsi Araz (İsazadə) Aysel, üçüncü yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Elvira Aslanova layiq görülmüşlər.