“MƏN KİTABIMI BAŞLAYIRAM” SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI OLMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov İ.İbrahimovun həyatının, elmi və ictimai fəaliyyətinin maraqlı məqamlarından danışaraq bildirmişdir ki, İsmayıl müəllimin həyat yolu əsil məktəbdir. Ömür yolundakı bütün sınaqlarından şərəflə çıxan 90 yaşlı alim bu gün də gənclik eşqi ilə fəaliyyət göstərir, xalqına xidmət edir.
Filmin ssenari müəllifi və prodüseri Oqtay Mirqasım sənədli ekran əsəri üzərindəki fəaliyyəti barədə məlumat verərək demişdir ki, çəkilişlər Bakıda, alimin doğulub boya-başa çatdığı Ordubadda aparılmışdır.
Filmdə İ.İbrahimov böyük alim, dövlət xadimi, Vətəninə sədaqətli övlad kimi təqdim olunur. Onun şəxsiyyəti və xidmətləri barədə ölkəmizin tanınmış elm xadimləri söhbət açırlar. Azərbaycan Neft və Kimya İnstitutunda tələbəlik illəri İsmayıl İbrahimovun rektorluğu dövrünə düşən Anqola prezidenti Joze Eduardu duş Santuşla, başqa məzunlarla keçmiş rektorun Anqolada lentə alınmış görüşü filmin ən maraqlı süjetlərindəndir.
Filmin rejissoru Elçin Musaoğludur.