Məqsəd kütləvi iğtişaşlar zamanı diplomatik nümayəndəliyimizin təhlükəsizliyini təmin etməkdir
Kiyev, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Azərbaycanın Kiyevdəki səfirliyi qarşısındakı ərazidə diplomatik nümyəndəliyimizin təhlükəsizliyinin təmin edilməsinə dair planauyğun taktiki və xüsusi məşğələlər keçirilib. Məşğələlər Azərbaycan səfirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və Ukrayna Milli Qvardiyasının (UMQ) diplomatik nümayəndəliklərin və konsul idarələrinin mühafizəsi üzrə 22-ci əlahiddə briqadası ilə birgə həyata keçirilib. Təlimləri Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, Azərbaycan XDMX və Ukrayna güc strukturlarının yüksək vəzifəli nümayəndələri müşahidə ediblər.
Tədbirlər mümkün kütləvi iğtişaşlar, o cümlədən diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatların missiyalarına, konsul idarələrinə və onların işçilərinə hücum, “Molotov kokteyli”, partlayıcı maddələr ilə doldurulmuş müxtəlif qutular kimi naməlum əşyaların zərərsizləşdirilməsi, soyuq və odlu silahın müsadirə olunması halları və s. ilə əlaqədar güc strukturlarının hazırlığını yoxlamaq məqsədi daşıyıb.
Məşğələlər yüksək səviyyədə, peşəkarcasına keçirilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev