MƏQSƏDİMİZ PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİ İNKİŞAF ETDİRMƏKVƏ TÜRK QADINLARININ BİRLİYİNƏ NAİL OLMAQDIR
Dostluq qrupunun və nümayəndə heyətinin rəhbəri, Ədalət və İnkişaf partiyasından olan millət vəkili Haluk İpek AZƏRTAC-ın müxbiri ilə söhbətində səfərin məqsədi ilə bağlı demişdir: Azərbaycanla Türkiyə arasında çox yüksək səviyyədə dostluq-qardaşlıq əlaqələri vardır. Amma parlamentlərarası münasibətlərimiz istənilən səviyyədə deyildir. Bu da yeni seçkilərlə bağlı olmuşdur. Biz bu əlaqələri də genişləndirmək üçün Bakıya səfər etmişik. Nümayəndə heyətinin böyük əksəriyyəti xanım deputatlardır. Bəzən elə olur ki, bizim görə bilmədiyimiz işi onlar daha tez görürlər və buna görə də son dövrlər dünyada gedən proseslərdə qadınların rolu artmışdır. TBMM-nin qadın deputatları da azərbaycanlı həmkarları ilə bir sıra məsələləri müzakirə etmək niyyətindədirlər. Onlar rayonlarda da olacaq, bölgələrdəki lider qadınlarla görüşəcək, onların problemləri ilə maraqlanacaqlar. Ümid edirəm ki, keçiriləcək görüşlər, aparılacaq danışıqlar türk qadınının ümumi probleminin nədən ibarət olduğunun aşkarlanması və həllində, onların birliyinin yaranmasında, eləcə də, parlamentlərarası əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayacaqdır.
Türkiyəli qonaqları müşayiət edən Milli Məclisin deputatı Məlahət Həsənova da səfərlə bağlı fikirlərini bölüşərək demişdir ki, dövlət və hökumət səviyyəsində əlaqələrimizin yüksək səviyyədə olması digər sahələrdə, xüsusən də parlamentlərimiz arasında münasibətlərimizi genişləndirməyə imkan verir. Məqsədimiz ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət”, Prezident İlham Əliyevin “gücümüz birliyimizdədir” ideyalarını rəhbər tutaraq, daha böyük uğurlar qazanmaqdır. Ümid edirik ki, bu görüşlərimiz çox uğurlu olacaq və biz istəyimizə nail olacağıq.