Mərakeş qəzeti: Heydər Əliyevin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır
Rabat, 18 iyun, AZƏRTAC
Mərakeşin “Əl Bəyan Əl-Yaum” qəzetində Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifi olduğu “15 iyun - Azərbaycanın Milli Qurtuluş Günüdür” başlıqlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklərdən bəhs olunur. Qeyd edilir ki, müstəqilliyin ilk illərində ölkənin siyasi hakimiyyətinin səriştəsizliyi ucbatından boşluqlar yaranmışdı. Ermənistanın təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirmişdi.
Yazıda bildirilir ki, xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ulu Öndər güclü, nizami ordu quruculuğu işini əsas vəzifə kimi qarşıya qoydu.
Vurğulanır ki, həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı beynəlxalq arenada böyük nüfuza malik bir ölkəyə çevirdi. Diqqətə çatdırılır ki, 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycan artıq bütün dünyada tanınmağa başladı.
Məqalədə bildirilir ki, bu gün Azərbaycan Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, ölkədə sabit demokratik və iqtisadi islahatlar aparılır. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq dövrü, ölkənin siyasi, iqtisadi və mədəniyyətinin yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat