Mərkəzi İncəsənət Məktəbində Ümummilli Liderin xatirəsi anılıb
Bakı, 13 dekabr, AZƏRTAC
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoxronika, videoçarxlar nümayiş olunub.
Tədbirin təşkilatçısı, məktəbin nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli Heydər Əliyevin həyat və fəaliyyətindən söz açaraq onun müstəqil Azərbaycan dövlətinin yaranmasında göstərdiyi səylərdən, inkişafı üçün gördüyü tədbirlərdən, musiqiyə, mədəniyyətə, elmə olan sevgisindən, marağından və elm xadimlərinə göstərmiş olduğu qayğıdan danışıb.
Məktəbin fortepiano müəllimi Mətanət Nurullayevanın müşayiəti ilə xor müəllimi Reqina Məcidova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Ulu Öndərə həsr etdiyi “Elegiya” şeirini səsləndirib.