SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və sədrin müavini, Svetlana Qasımova Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının “Avropa ölkələrinin qanunvericiliyində və praktik fəaliyyətində beynəlxalq seçki standartları” mövzusunda keçirilmiş Konfransda və Assosialsiyanın Baş Assableyasının illik iclasında iştirak etmişlər. Bu Assosiasiya 1991-ci ildə yaradılmışdır. Mənzil-qərargahı Macarıstanın paytaxtı Budapeştdədir. 20 üzvü vardır. O, milli hökumətlərdən asılı olmayan bitərəf forumdur, seçki rəsmiləri və ekspertləri arasında seçkilərin aşkarlığını və şəffaflığını təmin edən, üzv ölkələrdə demokratiyaya yardım göstərən informasiya mübadiləsinin həyata keçirilməsinə xidmət edir. Assosiasiya Avropa Şurasının və BMT-nin iqtisadi və sosial məsələlər üzrə komissiyasının nəzdində konsultativ statusa malikdir. Sentyabrın 25-28-də Moskva şəhərində keçirilmiş bu Konfransın təşkilatçıları Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyası, Rusiya Federasiyasının Mərkəzi Seçki komissiyası və Beynəlxalq Seçki Sistemləri Fondudur.
Bu konfransın başlıca vəzifəsi seçki standartları, seçki hüququ və azadlıqları Konvensiyası layihəsinin müzakirə edilərək qəbul olunması idi.
Konfransı giriş sözü ilə Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının prezidenti, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri cənab A.A.Veşnyakov açmış, Rusiya Federasiyasının Prezidenti cənab V.V.Putin mötəbər tədbir iştirakçılarını salamlamış və onlara bu ali məqsədli işdə uğurlar arzulamışdır.
Konfrans itştirakçıları “Seçki avadanlıqları” sərgisində, “Seçki tarixinə dair sərgi”nin açılışında iştirak etmişlər. Konfransda “Seçki standartları, seçki hüququ və azadlıqlarına dair Konvensiya”nın layihəsi müzakirə edilərək qəbul olunmuş, Assosiasiyanın Xartiyasına dəyişikliklər edilmiş, Assosiasiya ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında əməkdaşlıq sazişi imzalanmışdır.
Konfransda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasına üzv qəbul olunmuşdur. Bu, Azərbaycan Respublikasının seçki sistemində aşkarlığa, şəffaflığa və demokratiyanın inkişafına beynəlxalq aləmdə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirilməlidir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov konfrasda çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə 24 avqust 2002-ci ildə keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunları haqqında məlumat vermişdir.
Assosiasiyanın növbəti konfransının Oksfordda (Böyük Britaniyada) keçirilməsi qərara alınmışdır.