MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış yoxlamaların yekunlarına dair məsələ müzakirəyə çıxarılmışdır. Bu məsələ barədə məlumat verən MSK katibi Natiq Məmmədov bildirmişdir ki, dairə və məntəqə seçki komissiyalarının yekun protokolları və digər seçki sənədləri, eləcə də Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər qanunda nəzərdə tutulmuş müddətdə araşdırılmışdır. Komissiya katibinin təklifı ilə seçki keçirilmiş 940 məntəqədən 21-də seçkilərin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar qəbul olunmuşdur. Habelə, seçki keçirilmiş 603 bələdiyyədən 3-də seçkilərin nəticələri etibarsız hesab edilmişdir. MSK, həmçinin qərara almışdır ki, ərazisindəki Məliklər və Uzunboyad bələdiyyələri üzrə səsvermənin nəticələri etibarsız sayılmış 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin dairə seçki komissiyası və ərazisindəki Buzovna bələdiyyəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmış 13 saylı Əzizbəyov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılsın.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri bu seçkilərin ümumilikdə qanunun tələblərinə uyğun keçirildiyini, 600 bələdiyyə üzrə 1901 bələdiyyə üzvünün seçildiyini bildirmişdir. O qeyd etmişdir ki, bəzi xırda qanun pozuntuları nəzərə alınmazsa, nəticələri qənaətbəxş hesab etmək olar. Demokratik və ədalətli seçki keçirilmişdir. Aşağı seçki komissiyalarının böyük əksəriyyəti üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. Seçkilərdən sonrakı müddətdə siyasi atmosferin sakit olması da onu təsdiq edir ki, bu seçkilər bəzi xırda pozuntuları çıxmaqla, ümumilikdə şəffaf keçirilmişdir. Seçkilər zamanı, həmçinin icra strukturlarının və hüquq mühafızə orqanlarının təmsilçilərinin seçki prosesinə müdaxiləsi halı baş verməyib. Demokratik seçkilərin keçirilməsi üçün qanunverici bazanın vacibliyini qeyd edən Komissiya sədri, Seçki Məcəlləsinin və Azərbaycan Prezidentinin artıq demokratik seçki standartları formalaşdırmış müvafiq sərəncamlarının bu baxımdan müstəsna əhəmiyyət daşıdığını vurğulamışdır. O, ölkə rəhbərliyinin siyasi iradəsinin və sabitliyin demokratik seçkilərin keçirilməsi üçün əsas şərtlərdən olduğunu söyləmiş və bu sahədə həyata keçirdiyi tədbirlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. MSK sədri seçkilərin keçirilməsinə yardım göstərmiş dövlət qurumlarına və kütləvi informasiya vasitələrinə də təşəkkür etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.