Məşhur rus yazıçılarının kitabları Azərbaycan dilinə tərcümə edilib
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcümə edilmiş və nəşri ərsəyə gətirilmiş F.Dostoyevskinin “Balaca qəhrəman” və A.Platonovun “Çevenqur” kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin binasında baş tutan tədbirdə çıxış edən Mərkəzin Beynəlxalq əlaqələr idarəsinin rəisi Püstə Axundova Rusiya Tərcümə İnstitutu ilə Dövlət Tərcümə Mərkəzinin davamlı əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrdən danışıb.
Sonra Rusiya Tərcümə İnstitutunun direktoru Yevgeni Rezniçenko, institutun proqram direktoru, ədəbiyyatşünas-alim Nina Litvines, Rusiyada yaşayan tanınmış alim Abuzər Bağırov çıxış edərək Rusiya Tərcümə İnstitutu və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilən nəşrlərin müasir dövrdə əhəmiyyətindən, Rusiya və Azərbaycan ədəbiyyatları arasında mövcud olmuş sıx ədəbi əlaqələrin tarixindən söz açıblar.
Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud rus dili və ədəbiyyatının hələ sovet illərində Azərbaycan ədəbiyyatı və bədii fikrinə təsirindən, dünya ədəbiyyatına açılan nəfəslik rolu oynadığından danışaraq, görülən işin Rusiya və Azərbaycan ədəbiyyatlararası əlaqələrin yeni müstəvidə inkişafına əsaslı təkan verəcəyinə böyük ümid bəslədiyini qeyd edib.
Xalq şairi Ramiz Rövşən, Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudova, tanınmış şair Nigar Həsənzadə, yazıçı Yaşar Əliyev, yazıçı Etimad Başkeçid, tərcüməçi İlqar Əlfi Azərbaycan dilində ilk dəfə işıq üzü görən əsərlərin bədii məziyyətindən, Dostoyevski və Platonov dühasından söz açaraq, tərcümənin xalqlararası dostluq və anlaşma körpüsü rolunu oynadığını, görülən işin bu sahəyə verilmiş əlamətdar töhfə olduğunu bildiriblər.