Messiyə İspaniyanın futbol yığmasında çıxış etmək təklif olunub
Bakı, 3 may, AZƏRTAC
İspaniyanın “Barselona” komandasının və Argentina yığmasının kapitanı Lionel Messiyə İspaniyanın futbol üzrə milli yığmasının tərkibində çıxış etmək təklif olunub. İspaniyalıların keçmiş baş məşqçisi Visente Del Boskenin bu barədə dedikləri ölkənin “Marca” nəşrində sitat gətirilib.
Mənbənin məlumatına görə İspaniya Kral Futbol Federasiyası (RFEF) Messinin ölkə yığmasında çıxış etməsinə razılıq verməsi üçün əlindən gələni edir. Lakin argentinalı öz vətəninə sevgisi səbəbindən bu təklifdən imtina edib.
“Heyif ki, Leo İspaniya yığmasında oynamaqdan imtina etdi. Milli komandada onun çıxışı hamımızın xeyrinə olardı”, - deyə Del Boske bildirib.
AZƏRTAC xəbər verir ki, Messi “Barselona”nın tərkibində bu həftə Çempionlar Liqasının yarımfinalının birinci oyununda “Liverpul”a qalib gəlib (3:0). 31 yaşlı argentinalı həmin oyunda dubl edib. Beləliklə, Messi bu komandanın heyətində 600 qol vurub.
Messi “Barselona”da 2004-cü ildən çıxış edir. O, İspaniya çempionluğuna doqquz dəfə, İspaniya Superkubokuna səkkiz dəfə, İspaniya Kubokuna altı dəfə sahib olub. Dörd dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olmuş Messi 5 dəfə ilin yekunlarına görə dünyanın ən yaxşı oyunçusu seçilib.
Argentina yığmasının tərkibində Messi 2014-cü ilin dünya çempionatında finaladək çatıb. Onun aktivində, həmçinin Amerika Kubokunun 3 gümüş mükafatı (2007, 2015, 2016) var. 2018-ci il dünya çempionatından sonra Messi milli komandanın heyətində çıxışlarında ən azı 2018-ci ilin sonunadək fasilə götürüb. Rusiyada keçirilən dünya birinciliyində Argentina yığması səkkizdəbir finaladək yüksəlib, burada turnirin gələcək qalibləri olacaq fransızlara uduzub (3:4). Messi ikinci dəfədir ki, milli komandada karyerasını dayandırır. Argentinalı 2016-cı ildə Amerika Kubokunun finalında Çili komandasına uduzduqdan sonra kiçik fasilə götürmüşdü. Hücumçu Argentina millisində keçirdiyi 128 oyunda 65 qolun müəllifidir.