Mətbuat nümayəndələri informasiya təhlükəsizliyi məsələsini müzakirə ediblər
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu müşavirədə müzakirəyə çıxarılan məsələlərin strateji əhəmiyyət daşıdığını, Azərbaycanın sosial mediasını yeni keyfiyyət mərhələsinə qaldıracağını bildirib.
Kütləvi informasiya vasitələri ilə bağlı uğurlu dövlət siyasətinin aparılmasından, elektron media sahəsində ölkəmizin nailiyyətlərindən danışan baş redaktor münaqişə şəraitində yaşayan ölkədə bəzi hallarda yayılan informasiyaların düşmən üçün mənbə rolunu oynadığını və məlumatları yayan jurnalistlərin üzərinə ciddi məsuliyyət düşdüyünü diqqətə çatdırıb. O, ötən ayın əvvəlində cəbhə xəttində baş verən hadisələrlə bağlı ictimaiyyətə yanlış məlumatların çatdırıldığını təəssüflə qeyd edib.
Digər çıxış edənlər deyiblər ki, bəzi media qurumları ölkədə KİV üçün yaradılan azadlıqlardan sui-istifadə edərək qüsurlu fəaliyyətə yol verirlər.
Müzakirələrdə bildirilib ki, jurnalistlər sosial media nümayəndələri olmaqla yanaşı, vətəndaş məsuliyyətinin də daşıyıcılarıdırlar və sosial şəbəkələrdə hərbi, dövlət sirlərinin ictimailəşməməsi məsələsinə diqqətlə yanaşmalıdırlar. Mediada hüquqi tənzimləmə və peşəkar mütəxəssislərin hazırlanması məsələsinin əhəmiyyəti vurğulanıb. Bütün hallarda media orqanlarının dövlətə xidmət etmələrinin vacibliyi qeyd edilib.