REGİONLAR
Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub VİDEO
Xızı, 6 iyun, Elxan Yusifli, AZƏRTAC
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub.
AZƏRTAC xəbər verir ki, 108 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında toplaşıblar.
Mikayıl Müşfiqin büstü ətrafında keçirilən tədbirdə şairlər, yazıçılar, elm və incəsənət xadimləri ölməz şairin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.
Anma mərasimində Əməkdar Müəllim, şairə Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, “Mikayıl Müşfiq” və “Qızıl qələm” mükafatları laureatı, şair Oktay Rza və başqaları çıxış edərək, görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin artırılmasında əvəzsiz xəzinə olduğunu qeyd ediblər.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndirib, yerli incəsənət nümayəndələri musiqilər ifa ediblər.