MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ İLƏ TANIŞLIQ XOŞ TƏƏSSÜRAT DOĞURDU
AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen və xanımı Brigit Kuşpen mayın 11-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.
Ali qonağa və xanımına məlumat verildi ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır. 1895-1897-ci illərdə tikilmiş və Bakının memarlıq abidələrindən sayılan bu bina Azərbaycan milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Muzeydə Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.
Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Orta əsr Azərbaycan əhalisinin məişətdə işlətdiyi əşyalar İsveçrə Prezidentində xüsusi maraq doğurdu.
Ali qonağa bildirildi ki, 130-dan çox işçisi olan muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş və yeni görkəm almışdır.
Muzeylə tanışlıqdan xoş təəssürat alan İsveçrə Prezidenti Paskal Kuşpen elektron yaddaş kitabçasına ürək sözlərini yazdı.
######
![]() |
![]() |
![]() |
![]() |



