Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Qacarlar dövrünə aid materiallar qorunur
Bakı, 23 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Qacarlar dövrünə aid materiallar qorunur.
Muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov AZƏRTAC-a bildirib ki, Təsviri materiallar fondunda Qacarlar sülaləsini əks etdirən müxtəlif rəsm əsərləri saxlanılır. Fondda Qacarlar sülaləsinin ilk hökmdarı Ağa Məhəmməd şah Qacarın əks olunduğu portret (karton üzərində), Fətəli şah Qacarın portreti (rəssam Knit, kağız, sulu boya; rəssam Çingiz Qacar, karton, yağlı boya), I Rusiya-İran müharibəsinin ağır döyüşlərini əks etdirən “Fətəli şah Qacar rus generalını öldürür” miniatürü (Londondakı Britaniya Muzeyinin kolleksiyasından), Fətəli şahın oğlu, Azərbaycan hakimi, vəliəhd Abbas Mirzənin əks olunduğu iki rəsm əsəri (kətan, yağlı boya; reproduksiya), Məhəmməd şah Qacarın və Nəsrəddin şahın öz əyanları ilə birlikdə əks olunduğu rəsm əsərləri (litoqrafiya; rəsmdən fotoşəkil), Müzəffərəddin şah Qacarın görkəmli Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevlə birlikdə əks olunduğu fotoşəkil saxlanılır.
Ə.Fərhadov qeyd edib ki, Qacar hökmdarları adətən Azərbaycan hakimləri olmuş vəliəhdlərdən seçilirdilər. Muzeydə qorunan materiallar Qacarlar dövrü Azərbaycan tarixinin tədqiqi baxımından böyük əhəmiyyət daşıyır.