Milli İncəsənət Muzeyi WUF13 çərçivəsində yeni layihələr təqdim edəcək
Bakı, 15 may, AZƏRTAC
Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri-Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində hazırlıq işləri kompleks və sistemli yanaşma əsasında həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, hazırlıq prosesi üç əsas istiqaməti əhatə edir: genişmiqyaslı sərginin təşkili, mövzunu sistemli şəkildə təqdim edən elmi kataloqun hazırlanması və ictimai-maarifləndirici proqramların həyata keçirilməsi. Ziyarətçi auditoriyasının geniş spektrini əhatə etmək məqsədilə mühazirələr, tematik ekskursiyalar, ustad dərsləri və interaktiv proqramlar hazırlanıb. Bununla yanaşı, ekspozisiya məkanlarının təşkili, ziyarətçi xidmətlərinin təkmilləşdirilməsi və tədbirlərin təşkilati-texniki təminatı istiqamətində müvafiq işlər görülür.
WUF13 çərçivəsində təqdim olunacaq layihələr arasında “Küləklər şəhərinin salnaməsi. XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” adlı sərgi xüsusi yer tutur. Ekspozisiyada şəhərin müxtəlif dövrlərdə keçdiyi inkişaf yolu rəngkarlıq, qrafika, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət nümunələri vasitəsilə nümayiş etdiriləcək. Bununla yanaşı, sərgidə arxiv foto və videomateriallardan da istifadə olunacaq. Həmin materiallar rəssamların əsərləri ilə paralel təqdim edilərək Bakının son yüz ildən artıq müddətdə keçdiyi inkişaf mərhələlərini, şəhər mühitinin transformasiyasını və tarixi yaddaşın vizual qatlarını daha dolğun əks etdirəcək.
Ekspozisiyada Pyotr Vereşşagin, İvan Şeblıkin, Əli bəy Hüseynzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov kimi klassik sənətkarlarla yanaşı, Altay Sadıqzadə, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, İrina Eldarova və digər müasir rəssamların əsərləri də nümayiş olunacaq.
Sərgi ilə paralel hazırlanan nəşr isə ekspozisiyanın elmi davamı kimi Bakının bədii təsvirinin müxtəlif dövrlər üzrə inkişafını geniş şəkildə təqdim edəcək.
Proqram çərçivəsində “Muzeydə mühazirə” layihəsi də xüsusi yer tutur. Layihə çərçivəsində memar Abdul Hüseynov tərəfindən “Azərbaycan Milli İncəsənət Muzeyinin yerləşdiyi tarixi binalar” mövzusunda mühazirə təqdim olunacaq. Mühazirədə muzey kompleksinə daxil olan binaların memarlıq xüsusiyyətləri, tarixi funksiyaları və onların Bakının şəhərsalma inkişafındakı rolu geniş şəkildə izah olunacaq.
Bundan əlavə, proqrama müxtəlif mədəni və maarifləndirici tədbirlər də daxildir.
Müxbir – Günel Alıyeva