MİLLİ KİTABXANADA “HEYDƏR ƏLİYEV”KİTABININ TƏQDİMATI OLMUŞDUR
Milli Məclis deputatlarının, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələrinin, respublikanın tanınmış ziyalılarının iştirak etdiyi tədbirdə “Körpü” ədəbi tənqid dərgisinin baş redaktoru, “Azərbaycan” jurnalının tənqid şöbəsinin müdiri Əsəd Cahangirin kitabın təhlilinə həsr olunmuş çıxışı maraqla qarşılanmışdır.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatları Nizami Cəfərov, Elmira Axundova, Eldar İbrahimov, rus icmasının təmsilçisi Qalina Yakovleva, “Literaturnı Azerbaydjan” jurnalının sabiq baş redaktori İvan Tretyakov, “Gənclik” nəşriyyatının baş direktoru Əlican Əliyev, kitabın ingilis dilinə tərcüməçisi Kifayət Yarməmmədova və başqaları nəşr haqqında ürək sözlərini bildirmişlər. Yekdilliklə qeyd olunmuşdur ki, kitab böyük zəhmətin və ümummilli liderimizə böyük məhəbbətin məhsuludur.
Sonra söz müəlliflərə verilmişdir.
Onlar bildirmişlər ki, ulu öndərimizin həyat və fəaliyyətinə, bioqrafiyasının görünməyən səhifələrinə həsr olunmuş bu kitabı arxiv materiallarına, doğmalarının, yaxınlarının, silahdaşlarının və siyasi opponentlərinin xatirələri əsasında qələmə almışlar.
Tədbir iştirakçıları kitabxananın xarici ədəbiyyat zalında açılmış “Müdrik insan, dahi şəxsiyyət” adlı kitab sərgisinə baxmışlar. Sərgidə Azərbaycan, rus, ingilis dillərində Bakıda, Moskvada, Donetskdə və Novorossiyskdə çap olunmuş kitablar toplanmışdır.
Təqdimat mərasimində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iştirak edirdi.