Milli Kitabxanada “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimatı olub
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimat mərasimi və eyniadlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxanadan təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, Milli Kitabxananın Prezidentin tapşırıqlarına uyğun olaraq Azərbaycanın dünyaya tanıdılması istiqamətində mühüm fəaliyyət göstərdiyini və artıq dünyaya açılan bir pəncərəyə çevrildiyini söyləyib. Bu gün təqdim olunan bu fundamental biblioqrafik salnamənin Azərbaycanın tarixi Qələbəsinin dünyada təbliğinə xidmət edən dəyərli bir mənbə rolunu oynayacağını vurğulayıb.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, bu gün biz xalqımızın tarixində ən şərəfli, ən qürurverici hadisələrdən birini – Zəfər Gününün 5 illiyini böyük iftixar hissi ilə qeyd edirik. Bu ildönümü yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin deyil, həm də xalqımızın birliyinin, milli iradəsinin rəmzidir.
Nazir müavini Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi, 12 500 adda ədəbiyyatı əhatə edən biblioqrafiyanın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Biblioqrafiyanın hazırlanmasında əməyi keçən kitabxana mütəxəssislərinə təşəkkürünü bildirib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib ki, Zəfər tarixi bizə tariximizi yenidən yazmaq və ona yeni baxış bucağından yanaşmaq imkanı verir. Akademik Zəfər tarixinə həsr olunmuş bu fundamental biblioqrafik salnamənin hazırlanmasında əməyi olan Milli Kitabxananın direktoru professor Kərim Tahirov başda olmaqla, kitabxananın bütün kollektivinə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnar Məmmədova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri Nadir İsmayılov və Knyaz Aslan, həmçinin BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə təbriklərini bildiriblər.
Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları, səfərləri, müsahibələri, imzaladığı fərman və sərəncamlar, eləcə də tarixi Zəfərin qazanılması, qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini əhatə edən bu fundamental biblioqrafiyanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, bu nəşr Zəfərimizin biblioqrafik abidəsi və Vətən müharibəsinin hüquqi bazası kimi mühüm elmi mənbə rolunu oynayır.
Tədbirin davamında bu tarixi gün münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “8 Noyabr - Zəfər Günü” adlı elektron məlumat bazasının təqdimatı olub.