Milli Məclisdə Almaniya nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə işçi qrupun üzvü Çingiz Əsədullayev çıxış edərək Azərbaycanda gedən inkişaf proseslərindən, iqtisadiyyatımızın, o cümlədən qeyri-neft sektorunun tərəqqisindən, işçi qrupun fəaliyyətindən, Azərbaycan-Almaniya əlaqələrindən danışıb.
Söhbət zamanı Avropada qaçqın problemi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularda fikir mübadiləsi aparılıb. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanıb.
Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer Azərbaycanda gedən inkişaf proseslərinin, xüsusilə də iqtisadi və sosial sahələrdə nailiyyətlərin təqdirəlayiq olduğunu deyib. O, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq deyib ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına töhfəsini verir. Qonaq bildirib ki, Azərbaycan etnik qrupların, müxtəlif dinlərin, ayrı-ayrı xalqların nümayəndələrinin çox rahat, sülh şəraitində yaşadığı tolerant ölkədir. Əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu qeyd edən idarə heyətinin sədri Almaniyanın bəzi KİV-lərində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların yayılmasının təəssüf hissi doğurduğunu söyləyib.