MİLLİ MƏCLİSDƏ “AZƏRBAYCANDA QANKÖÇÜRMƏ XİDMƏTİNİN REABİLİTASİYASI” LAYİHƏSİNİN HƏYATA KEÇİRİLMƏSİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Qeyd olunmuşdur ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızda insanların sosial müdafiəsi, sağlamlığının qorunması sahəsində mühüm işlər görülmüş, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti ölkəmizin 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında təsbit edilmiş, müvafiq qanunlar hazırlanmışdır.
Parlament sədrinin müavini G.Baxşəliyeva vurğulamışdır ki, “Qan və onun komponentlərinin donorluğu haqqında” Qanun ölkəmiz üçün indi xüsusi əhəmiyyət daşıyır. Ermənistanla Azərbaycan arasında müvəqqəti atəşkəs əldə edilsə də, hələlik tam sülh yoxdur. Ermənistanın silahlı qüvvələri zəbt etdiyi torpaqlarımızdan çıxmamışdır.
Avropa Şurası Qanköçürmə üzrə Komissiyasının eksperti Byart Solheym Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının köməyi ilə “Azərbaycanda qanköçürmə xidmətinin reabilitasiyası” layihəsinin həyata keçirilməsində iştirak etdiyinə görə məmnun olduğunu bildirdi. O dedi ki, bu layihə Norveç dövləti tərəfindən maliyyələşdirilir.
B.Solheym onu da vurğuladı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada yaranmış iqtisadi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizdə qanköçürmə xidmətinə öz təsirini göstərmişdir. Bu, “Azərbaycanda qanköçürmə xidmətinin reabilitasiyası” layihəsini zəruri etmişdir. O, həmçinin Azərbaycanda qanköçürmə sahəsində çalışan tibb işçilərinin peşəkarlığından razı qaldığını, onların göstərdiyi xidmətin Avropa standartlarına uyğun olduğunu bildirmişdir. Bununla belə, qonaq demişdir ki, iqtisadi imkanlar, mövcud şərait və hüquqi çərçivə müasir səviyyədə deyildir. Bu layihə məhz həmin çatışmazlıqları aradan qaldırmaq məqsədi güdür.
Görüşdə “Azərbaycanda qanköçürmə xidmətinin reabilitasiyası” layihəsinin əlaqələndiricisi Harld Noddelənd, Elmi Tədqiqat Hemotologiya İnstitutunun bölmə rəhbəri Çingiz Əsədov çıxış edərək, layihə ilə bağlı fikir və mülahizələrini bildirmişlər.