MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi, problemin həllində ATƏT-dən çox şey gözləndiyini bildirdi. Problemlə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, eləcə də Avropa Şurasının, ATƏT-in bir sıra qərarlarının olduğunu xatırladaraq dedi ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən münaqişə indiyədək həll edilməmişdir. Ümid edirik ki, sizin səfəriniz bu baxımdan da faydalı olacaq, eyni zamanda, Ukrayna Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəkdir.
Oleq Bilorus səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirdi, Azərbaycana ilk səfərindən məmnun qaldığını söylədi. O dedi ki, Bakıya səfərdən məqsəd dost Azərbaycanla yaxından tanış olmaq, ölkələrimiz, eləcə də ATƏT-lə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Qonaq bildirdi ki, ATƏT Parlament Assambleyasının payız sessiyasına ciddi hazırlıq gedir və bununla bağlı da bəzi məsələlər ətrafında müzakirələrə ehtiyac vardır.
Milli Məclis sədrinin müavini Bahar Muradovanın və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
X X X
ATƏT Parlament Assambleyası sədrinin müavini Oleq Bilorus həmin gün Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşmüşdür.
Bahar Muradova ölkələrimiz arasındakı əlaqələrin, xüsusən də parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışdı, Milli Məclisin beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə ətraflı məlumat verdi. Milli Məclis sədrinin müavini dedi ki, Azərbaycan və Ukrayna GUAM çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu da ölkələrimizin bir çox məsələlərdə eyni mövqedə olduğunu sübut edir. Azərbaycan tərəfi sizin ATƏT-dəki fəaliyyətinizi də yüksək qiymətləndirir. Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanın mövqeyini müdafiə edəcəksiniz. Milli Məclisin deputatları ATƏT PA-nın ötən sessiyalarında münaqişə ilə bağlı dəfələrlə məsələ qaldırmışlar. Qarşıdakı payız sessiyasında da bu problemin müzakirəyə çıxarılmasına çalışacağıq.
Azərbaycana səfərə dəvətə görə Bahar Muradovaya minnətdarlıq edən Oleq Bilorus dedi ki, Azərbaycanın dinamik inkişafı barədə aldığı məlumatlar onda xoş təəssürat doğurmuşdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatımız vardır. Ukrayna Prezidenti Viktor Yuşşenkonun da bəyan etdiyi kimi, biz bu münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq. ATƏT artıq regional qurum deyil, daha qlobal təşkilata çevrilmişdir. Ona görə də inanırıq ki, dünyada demokratiyanın inkişafında, təhlükəsizlik məsələlərində öz sözünü deyəcəkdir.
Görüşdə ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak edirdilər.