MİLLİ MƏCLİSİN DEPUTATLARI GÜRCÜSTANLI SOYDAŞLARIMIZLA GÖRÜŞMÜŞLƏR
Azərbaycanlı deputatlar gürcüstanlı həmkarları ilə “Gürcüstan–Azərbaycan birlikdə daha güclüdür” devizi altında gələcək fəaliyyət planı barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Batumidən qayıdan Milli Məclisin üzvləri iyulun 27-də Kvemo Kartli-Borçalı bölgəsinə getmiş, Marneuli şəhər mədəniyyət mərkəzində əhali ilə görülmüş, onların vəziyyəti ilə tanış olmuşlar. Deputatlar mədəniyyət mərkəzinə “Bakı mənzərəsi” tablosunu və xeyli kitab bağışlamışlar. Sonra onlar Marneuli şəhərindəki “Qaya” şadlıq sarayında məşhur el sənətkarı aşıq Kamandar Əfəndiyevin “Bənövşə” kitabının təqdimat mərasimində iştirak etmişlər. Həmin gün Qənirə Paşayeva Dmanisi rayonundakı Hamamlı, qalan deputatlar isə Qardabani rayonundakı Qaçiani kəndlərinin sakinlərilə də görüşüb onların problemləri ilə maraqlanmışlar.