Milli Məclisin komitə iclasında ombudsmanın illik hesabatı dinlənilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Komitənin sədri Zahid Oruc gündəliyə iki məsələnin daxil edildiyini bildirib.
Qeyd olunub ki, birinci məsələ Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2019-cu il üzrə məruzəsinin dinlənilməsidir.
Komitə sədri diqqətə çatdırıb ki, ölkəmizin Avropa Şurasına üzvlüyündən sonra formalaşdırdığı müvəkkil institutu vətəndaşların hüquqları pozulduğu təqdirdə qanuna uyğun olaraq bir sıra səlahiyyətlərə malikdir. Bunlar - cinayət əlamətləri aşkar edildikdə, müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək, qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək, insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxmış etmək, dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməkdir. Göründüyü kimi, bütün bu səlahiyyətlər imkan verir ki, müvəkkil illik məruzədə insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adlarını çəksin və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat versin.
Zahid Oruc onu da diqqətə çatdırdı ki, dövlətimizin başçısı İlham Əliyevin apardığı islahatlar nəticəsində 2019-cu il ölkəmizin həyatına mühüm dəyişikliklər ili kimi daxil olub.
Komitə sədri bildirib ki, müvəkkilin məruzəsi ötən ildə dövlət tərəfindən müxtəlif sahələrdə - vətəndaşların azadlıq, şərəf və ləyaqətinin təminatı, informasiya əldə etmək, vicdan azadlığı və digər fundamental hüquqlar sahəsində görülən mühüm işləri özündə əks etdirir, eləcə də bir sıra istiqamətlərdə həllini gözləyən müxtəlif problemləri üzə çıxarır.
Sonra iclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsini təqdim edib.
Bildirib ki, illik məruzədə Ombudsmanın insan hüquqlarının qorunmasının bütün sahələrində fəaliyyəti öz əksini tapıb. Dövr ərzində 25500 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 25 faiz çoxdur. Bu da həm müvəkkilə inamın artması, həm də müvəkkilə müraciət etmək imkanlarının geniş olması ilə əlaqədardır. Belə ki, Ombudsman Aparatının ölkənin bütün regionlarını əhatə edən 4 regional mərkəzi var. Vətəndaşlar poçt, “qaynar xətt”, onlayn şəkildə, sosial şəbəkələr və digər vasitələrlə müvəkkilə müraciət etmək imkanlarına malikdirlər. May ayından etibarən isə ombudsmanın çağrı mərkəzlərini birləşdirən vahid çağrı mərkəzi fəaliyyətə başlayacaqdır. Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə yeni “facebook" səhifəsi və “twitter” hesabı da açılıb və vətəndaşlar tərəfindən fəal şəkildə istifadə olunur.
Aydın Səfixanlı qeyd etdi ki, ötən dövrdə Azərbaycan ombudsmanı torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə bağlı insan hüquqlarının pozulması məsələlərini dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırıb, 20 Yanvar faciəsi, Azərbaycanlıların Soyqırımı Günü, Xocalı faciəsi ilə bağlı bəyanatlar verib.
Ombudsmanın işgəncələrə qarşı milli preventiv mexanizm kimi fəaliyyəti ilə əlaqədar olaraq ötən dövrdə azadlıqdan məhrumetmə yerlərinə, istintaq təcridxanalarına 268 başçəkmə həyata keçirilib, konfidensiallıq gözlənilməklə 1445 şəxs təkbətək dinlənilib, onların müraciətləri xüsusi diqqətə alınaraq bununla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilib. Ötən müddətdə seçki hüququnun təmini məsələsinə də xüsusi diqqət yetirilib, ötən ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Ombudsman Aparatının əməkdaşları seçkiləri yaxından müşahidə edibmiş, seçki prosesi ilə bağlı edilən müraciətlərə dərhal reaksiya verilib.
Ötən dövrdə məhkəmə qərarlarının icrası ilə əlaqədar məsələlər də diqqətdə saxlanılıb, müvafiq tədbirlər görülüb.
Müvəkkilin ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsi ilə bağlı təklifləri də ölkə rəhbərliyinin qəbul etdiyi normativ-hüquqi aktlarda nəzərə alınıb. Qadın hüquqlarının təmin edilməsi xüsusi diqqətdə saxlanıb, belə müraciətlərə operativ reaksiya verilib.
Aydın Səfixanlı diqqətə çatdırıb ki, məruzə dövründə uşaq hüquqlarının qorunması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin təmin olunması da əsas istiqamətlərdən olub.
Məruzə dinlənildikdən sonra komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Fazil Mustafa, Tural Gəncəliyev, Razi Nurullayev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, vətəndaş cəmiyyətinin nümayəndələri Mehriban Zeynalova və Əliməmməd Nuriyev çıxış edərək məruzə barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.
Müzakirələrin sonunda məruzə səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
İclasda ”İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında, “Televiziya və radio yayımı haqqında” “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi də ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Bununla da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası başa çatıb.