MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROVUN ÇIXIŞI
Hörmətli deputatlar!
Hörmətli səfirlər, xanımlar və cənablar!
Bildiyiniz kimi, Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Pərviz Müşərrəf iyulun 8-dən Azərbaycanda rəsmi səfərdədir. Dünən Azərbaycan Prezidenti cənab İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf görüşmüş, danışıqlar aparmışlar. Danışıqların yekunu olaraq, Pakistanla Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edən bir sıra mühüm sənədlər imzalanmışdır.
İcazə verin, Pakistan İslam Respublikasının Prezidentini Milli Məclisdə olması münasibətilə sizin hamınızın adından salamlayaq və “Azərbaycana xoş gəlmisiniz!” deyək.
Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1992-ci il iyun ayının 9-da Azərbaycanla Pakistan arasında diplomatik əlaqələr yaradılmışdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Pakistanın sədrliyi ilə keçən iclasında Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad olunması, işğalçı qoşunların Azərbaycandan çıxarılmasını tələb edən 822 nömrəli qətnamə qəbul edilmişdir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1996-cı il aprelin 9-11-də Pakistana rəsmi səfər etmişdir. Bu səfər zamanı bir sıra mühüm görüşlər keçirilmiş, Azərbaycan-Pakistan əməkdaşlığının möhkəmləndirilməsini nəzərdə tutan bir sıra mühüm sənədlər imzalanmışdır. Xüsusi vurğulamaq istəyirəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 2002-ci ilin iyun ayında Tehranda və 2002-ci ilin oktyabr ayında İstanbulda keçirilmiş zirvə toplantılarında Azərbaycan Prezidenti Heydər Əliyev ilə Pakistan Prezidenti cənab Pərviz Müşərrəf arasında görüşlər keçirilmişdir.
İyulun 8-də isə Prezident sarayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Pakistan Prezidenti cənab Pərviz Müşərrəfin iştirakı ilə imzalanmış sənədlər dostluq, əməkdaşlıq əlaqələrinin yeni mərhələdə davamı kimi qiymətləndirilməlidir.
İndi isə icazə verin, sözü Pakistan İslam Respublikasının Prezidenti Zati–aliləri cənab Pərviz Müşərrəfə verim.