Milli Məclisin sədri: Ulu Öndər tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini layiqincə zənginləşdirib
Bakı, 14 iyun, AZƏRTAC
Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə ümummilli lider missiyasını iki dəfə öhdəsinə götürüb. Hər ikisində də zamanın çağırışlarına yaradıcı münasibət bildirməklə və düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidləri doğruldub. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlayıb və davamlı inkişaf yoluna çıxarıb. Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini iyirminci yüzillikdə layiqincə davam etdirib və zənginləşdirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 14-də keçirilən xüsusi iclasında deyib.
O qeyd edib ki, Ümummilli Liderimiz 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və dörd aya yaxın bu vəzifədə çalışıb. Onun Azərbaycan parlamentinə rəhbərlik etməsi ölkəmizin qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı. Heydər Əliyevin parlamentə rəhbərliyi Milli Məclisə siyasi mədəniyyət gətirdi, qanunvericilik orqanının ruhunu kökündən dəyişdi. Parlament ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi.
Sahibə Qafarova bildirib ki, 1993-cü il avqustun 17-də Heydər Əliyevin sədrliyi ilə Milli Məclis ikigünlük müzakirələrdən sonra Lənkəranda və onun ətrafındakı rayonlarda baş verən hadisələrə münasibətini bildirərək bu barədə geniş qərar qəbul etdi. Bunun ardınca görülən qətiyyətli tədbirlər nəticəsində bölgədə separatçılıq hərəkətlərinə son qoyuldu. Müstəqil dövlətimiz üçün ən böyük təhlükə mənbəyi olan vətəndaş müharibəsi məhz Heydər Əliyevin parlamentə rəhbərliyi dövründə aradan qaldırılıb, ordu quruculuğunda, ictimai-siyasi sabitlik yaradılması yolunda ilk addımlar atılıb.
“Ulu Öndərin başladığı bütün işlər onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ümummilli Liderimizin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində dövlətimiz günbəgün daha da inkişaf edir. 2020-ci ilin sentyabr-noyabr aylarında Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin Zəfər yürüşü və hərbi Qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açıb. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub”, - deyə parlamentin sədri vurğulayıb.