Milli Məclisin sosial siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
Bakı, 28 yanvar, Xalid Məmmədov, AZƏRTAC
Yanvarın 28-də Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanunun qüvvəyə minmə müddətinin dəyişdirilməsi barədə”, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirə edilib.
Komitə sədri Hadı Rəcəbli bildirib ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanunun qüvvəyə minmə müddətinin dəyişdirilməsi barədə” qanun layihəsində dəyişiklik ölkədə nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyin qüvvəyə minmə tarixinin dəyişdirilməsi ilə bağlıdır. Dəyişikliyə səbəb tibbi arayışın verilməsində tətbiq olunan mexanizmin müəyyən vaxt tələb etməsidir.
Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilir.
Əhalinin sağlamlığının qorunması haqqında Qanuna əlavə edilib ki, tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. Daha bir dəyişikliyə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olaraq) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.
Əmək Məcəlləsində, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanunda dəyişikliklər isə texniki xarakter daşıyır.
Qanun layihələrinin müzakirəsi zamanı çıxış edən deputatlar əlavə və dəyişikliklərin vacibliyini diqqətə çatdırıblar.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.