Milli Qəhrəman şəhid Şükür Həmidovun xatirəsi yad edilib
Sumqayıt, 1 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprelin 1-i Milli Qəhrəman, şəhid Həmidov Şükür Nəriman oğlunun doğum günüdür. Yaşasaydı, 46 yaşı tamam olacaqdı.
AZƏRTAC xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə şəhidin ailəsi ilə görüş keçirilib, daha sonra Bakı şəhərində II Fəxri xiyabanda şəhidin məzarı ziyarət olunub.
Ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş üzrə şöbənin müdiri Emin Əliyev, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, Yazıçılar Birliyinin Qubadlı regional bölməsinin sədri Namiq Məna, şəhidin döyüş yoldaşları, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Əvvəlcə Sumqayıt şəhərinin axundu Hacı Rauf şəhid Şükür Həmidovun ruhuna dualar oxuyub.
Çıxış edənlər bildiriblər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızı düşmənlərdən azad etdi. Ölkəmizin ərazi bütövlüyünün bərpası Müzəffər Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkün oldu. Xalq-iqtidar-ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı.
Daha sonra yazıçı Mobil Şəfiyevin müəllifi olduğu “Şükür əfsanəsi” kitabının təqdimatı keçirilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində “Lələtəpə” yüksəkliyinin azad edilməsində göstərdiyi şücaətə görə Prezidentin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Şükür Həmidov Vətən müharibəsi zamanı - oktyabrın 22-də doğulub böyüdüyü doğma Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Milli Qəhrəman ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.