“MİLLİ TƏHLÜKƏSİZLİK HAQQINDA” QANUN LAYİHƏSİ MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ TƏQDİM OLUNMUŞDUR
Milli Məclis sədrinin müavini, komissiyanın sədri Ziyafət Əsgərov demişdir ki, Prezident İlham Əliyevin imzası ilə parlamentə göndərilmiş bu qanun Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarını yaradır.
Layihədə deyilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın, ölkənin milli maraqlarının, şəxsiyyətin, cəmiyyətin, dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi nəzərdə tutulur. Dörd fəsil və 28 maddədən ibarət olan sənəddə milli təhlükəsizliyin obyektləri, subyektləri, bu sahədə qanunvericilik bazası, milli maraqlar və sair müddəalar öz əksini tapmışdır.
İclasda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik, Müdafiə nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər əlaqədar təşkilatların məsul işçiləri iştirak etmiş və layihə ilə bağlı tövsiyələrini vermişlər.
Deputatların rəy və təklifləri dinlənildikdən sonra qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.