Millinin üzvü: Yığmanın uğurundan sonra PAOK qadın futbolçularımızla maraqlanmağa başladı MÜSAHİBƏ
Bakı, 28 dekabr, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin və Yunanıstanın PAOK klubunun müdafiəçisi Ayşən Əhmədova AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
-Yığma komanda Millətlər Liqasında tarixi uğura imza atdı. Əvvəlcə bununla bağlı təəssüratlarınızı almaq istərdik…
- Qrup mərhələsindəki rəqiblər bəlli olduqdan sonra qızlarla danışdıq ki, biz növbəti mərhələyə vəsiqə qazanmalıyıq. Meydanda sonadək ailə kimi olduq və inandıq. Bu da zəfərin əldə edilməsinə kömək oldu.
- Qadın futbolunda ilk böyük uğuru qazandıq. Bu cür ani yüksəlişin səbəbi nədir?
- Düşünürəm ki, yığmadakı oyunçuların xarici klublarda çıxış etməsi millidə qazanılan uğura kömək oldu. Bilirsiniz ki, heyətdə gənc oyunçular çoxdur. Onların yaşı artdıqca, Avropa klublarında oynadıqca təcrübə qazanırlar.
- Mövsümün əvvəlində Yunanıstanın PAOK klubuna transfer olundunuz. Komandadakı işləriniz necə gedir?
-Qış fasiləsinə lider olaraq yollandıq. Bütün matçlarda qalib gəlmişik. PAOK-un hədəfləri böyükdür. Bu mövsüm də ölkə çempionu olmağı qarşıya məqsəd qoymuşuq. Biz bunun məsuliyyətini dərk edirik. Baş məşqçimiz də məğlub olmadan qızıl medallara qazanmaq istədiyini bildirib. Oradakı həyatımdan da çox razıyam. Belə davam edərsə, karyeramı növbəti illərdə də Yunanıstanda davam etdirmək istəyərəm.
-Avrokuboklarda mübarizənizi erkən başa vurdunuz. Buna səbəb nə oldu?
- Avrokuboklarda birinci oyunda qalib gəlsək də, Avstriya klubuna məğlub olduq. Onların heyətindəki oyunçuların yaşı və təcrübəsi bizdən üstün idi. Çünki PAOK da mövsümün əvvəlində bəzi oyunçularla yollarını ayırmışdı. Yeni gələnlərə də uyğunlaşmaq üçün vaxt lazım idi. Mən özüm debüt oyuna çıxırdım. Zaman keçdikcə kollektivdəki hər kəs bir-birini yaxşı anlamağa başladı.
-Azərbaycan millisinin uğur qazanmasını PAOK klubu necə qarşıladı. Ümumiyyətlə, bununla bağlı sizə nə dedilər?
-Mən Yunanıstana ilk getdiyim dövrdə onların Azərbaycan qadın futbolu barədə məlumatları yox idi. Artıq yığmanın da uğur qazanmasından sonra PAOK klubunun rəbərliyinin də bizim qadın oyunçulara qarşı marağı artdı. Bu da çox müsbət məqamdır. Hətta Vüsalə Seyfəddinovanı transfer etmək istəyirdilər. Legioner limitinə görə bu keçid baş tutmadı. Komandanın baş məşqçisi Millətlər Liqasındakı nəticə ilə bağlı məni təbrik etdi və bu uğurun necə əldə edilməsinin səbəbini soruşdu. Mən də kollektivin ailə kimi mübarizə apararaq zəfər qazandığını söylədim.
-Azərbaycan və Yunanıstan qadın futbolunu necə müqayisə edərdiniz?
- Yunanıstanda liqanın səviyyəsi yüksəkdir. Azərbaycanda isə qadın futboluna maraq son illər daha çox artmağa başlayıb. Ancaq yığmanın Millətlər Liqasındakı nəticəsindən sonra qızların bu idman növünə həvəsi böyük olacaq.
-Bu qış fasiləsində digər klublardan təkliflər almısınız?
- Daha əvvəl çıxış etdiyim Türkiyə və Rusiya klublarından təkliflərim var idi. Hazırda PAOK-la müqaviləm var, əgər burada qala bilməsəm, daha böyük liqalar - Almaniyada, İspaniyada kareyramı davam etdirəcəyəm.
-Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyənin “Fomget” klubu ilə yollarını ayırdı. Bu məsələyə münasibətiniz necədir?
-Siyasət Əsgərov “Fomget”də çox yaxşı işlər gördü. Komandanın çempion olmasında ən böyük pay sahiblərindən biri də odur. Ayrılmaq məsələsinə gəlincə, şəxsi qərarlarıdır. Bununla bağlı nəsə deyə bilmərəm.