Mingəçevir Dövlət Universiteti “THE Impact Rankings 2026”da irəliləyib
Mingəçevir, 24 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq reytinqlərdə iştirak və qlobal ali təhsil məkanına inteqrasiya istiqamətində növbəti dəfə nailiyyət əldə edib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Böyük Britaniyanın nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education” tərəfindən açıqlanan “THE Impact Rankings 2026” nəticələrinə əsasən, MDU dünya universitetləri arasında 1001–1500 qrupunda qərarlaşıb. Bu nəticə universitetin dayanıqlı inkişaf, sosial məsuliyyət, ekoloji maarifləndirmə, yaşıl kampus, innovasiya, tədqiqat və beynəlxalq əməkdaşlıq istiqamətlərində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.
Universitet 2025-ci ildə “THE Impact Rankings” nəticələrində 1501+ qrupunda yer almışdı. Bu il Mingəçevir Dövlət Universitetinin ümumi nəticə göstəricisi də artaraq, 2025-ci ildəki 49.7 baldan 53.6 bala yüksəlib. Cari ilin nəticələrinə əsasən, Mingəçevir Dövlət Universiteti BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 9-u üzrə Azərbaycan universitetləri arasında ilk 10-luqda yer alıb.
Universitetin ən yüksək ölkə göstəriciləri SDG 14 – Sudakı həyat, SDG 12 – Məsuliyyətli istehlak və istehsal, SDG 15 – Qurudakı həyat, SDG 6 – Təmiz su və sanitariya və SDG 9 – Sənaye, innovasiya və infrastruktur istiqamətləri üzrə qeydə alınıb. MDU SDG 14 – Sudakı həyat üzrə Azərbaycan universitetləri arasında 5-ci, SDG 12 – Məsuliyyətli istehlak və istehsal üzrə 6-cı, SDG 15 – Qurudakı həyat üzrə 6-cı, SDG 6 – Təmiz su və sanitariya üzrə 7-ci, SDG 9 – Sənaye, innovasiya və infrastruktur üzrə isə 7-ci yerdə qərarlaşıb. Universitet dünya reytinqində də bir sıra istiqamətlər üzrə diqqətçəkən nəticələr əldə edib. Belə ki, MDU SDG 12 – Məsuliyyətli istehlak və istehsal və SDG 15 – Qurudakı həyat istiqamətləri üzrə dünya universitetləri arasında 301–400, SDG 6 – Təmiz su və sanitariya üzrə 401–600, SDG 9 – Sənaye, innovasiya və infrastruktur üzrə isə 601–800 aralığında yer alıb. Bununla yanaşı, Mingəçevir Dövlət Universiteti SDG 1 – Yoxsulluğa son, SDG 2 – Aclığa son, SDG 3 – Sağlamlıq və rifah, SDG 5 – Gender bərabərliyi, SDG 7 – Əlçatan və təmiz enerji, SDG 10 – Bərabərsizliyin azaldılması, SDG 16 – Sülh, ədalət və güclü təsisatlar və SDG 17 – Məqsədlər naminə tərəfdaşlıq istiqamətlərində də ölkənin aparıcı ali təhsil müəssisələri sırasında təmsil olunub.
Əldə olunan nəticələr MDU-da son illərdə həyata keçirilən sistemli islahatların, təhsil və tədqiqat fəaliyyətinin dayanıqlı inkişaf gündəliyi ilə uzlaşdırılmasının, yaşıl kampus təşəbbüslərinin genişləndirilməsinin, tələbə və əməkdaşların sosial məsuliyyət və ekoloji düşüncə istiqamətində fəallığının artırılmasının, eləcə də yerli və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirilir. MDU-nun “THE Impact Rankings” 2026-da əldə etdiyi irəliləyiş universitetin regional ali təhsil müəssisəsi kimi yalnız yerli deyil, həm də beynəlxalq səviyyədə tanınan dayanıqlı inkişaf platformasına çevrilməsi istiqamətində mühüm addımdır. Bu uğur universitetin 2026–2030-cu illər üzrə inkişaf hədəfləri, tədqiqat yönümlü universitet modelinə keçid, rəqəmsal transformasiya, “yaşıl kampus” və beynəlmiləlləşmə prioritetləri ilə tam uzlaşır.
Müxbir – Vüsalə Cənnətova