Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev xatirələrdə” layihəsi çərçivəsində növbəti görüş
Bakı, 24 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə çərçivəsində növbəti görüş keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşün qonağı professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Şahlar Əsgərov olub. Görüşdə Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin direktorları, media nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MDU-nun rektoru Şahin Bayramov giriş sözü ilə çıxış edərək layihənin respublikamızda Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği istiqamətində görülən işlərə töhfə olduğunu bildirib. Universitetdə “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı müxtəlif tədbirlərin keçirildiyini vurğulayan rektor Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalılar və ictimai-siyasi xadimlərlə görüşlərin təşkilini nəzərdə tutan layihənin önəmini diqqətə çatdırıb. Rektor layihənin hazırkı qonağının bioqrafiyası haqqında məlumat verib və dəvəti qəbul etdiyi üçün ona təşəkkürünü bildirib.
Ş.Əsgərov Ulu Öndər Heydər Əliyevi tarixi şəxsiyyət kimi xarakterizə edən xüsusiyyətlərdən, Azərbaycana rəhbərlik etdiyi dövrdə keçirilən unudulmaz görüş və xatirələrindən bəhs edib, onun unikal və şəxsi keyfiyyətlərinin və idarəetmə bacarıqlarının gənclər arasında təbliğinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, müasir Azərbaycan dövləti Ümummilli Liderin şah əsəridir. Çətin tarixi sınaqlarla dolu olan müstəqilliyin qorunması və möhkəmləndirilməsi yolunda bütün maneələri böyük uzaqgörənliklə və qətiyyətlə dəf edən dahi şəxsiyyət Heydər Əliyev müasir və qüdrətli Azərbaycanın memarıdır. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının Ulu Öndərin qarşısına qoyduğu əsas hədəflərdən olduğunu deyən Ş.Əsgərov qazanılan tarixi Zəfər nəticəsində doğma və əzəli yurdlarımızın işğaldan azad edilməsi ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən ata vəsiyyətinin yerinə yetirildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin elm və təhsil sahəsinə xüsusi həssaslığından bəhs edən professor dahi şəxsiyyətin müəllimlərə hər zaman yüksək dəyər verdiyini və gənclərə böyük ümid bəslədiyini vurğulayıb.
Layihənin Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu diqqətə çatdıran Ş.Əsgərov bu təşəbbüsü yüksək qiymətləndirib və təşkilatçılara təşəkkür edib.
Sonra qonaq görüş iştirakçılarının suallarını cavablandırıb və müəllifi olduğu bir sıra kitabları MDU-nun kitabxanasına hədiyyə edib.