Minifutbol yığmasının baş məşqçisi: Qazaxıstanla oyunda bəxtimiz gətirmədi
Bakı, 7 iyun, AZƏRTAC
“Düşünürəm ki, Qazaxıstanla oyunda bəxtimiz gətirmədi. Buna görə də meydanı məğlubiyyətlə tərk etdik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatının 1/4 finalında Qazaxıstan yığmasına penaltilər seriyasında (6:7) məğlub olaraq mübarizəni dayandırmaqları barədə danışarkən deyib.
Mütəxəssis rəqib müdafiəsini yarmaqda çətinlik çəkdiklərini bildirib: “Matçda üstünlük qurmağı bacarmışdıq. Qazaxıstan dünya birincisi olan komandadır. Müdafiədə etibarlı mübarizə aparırlar. Buna görə də qol vurmaq imkanımız olmur. Bilirdik ki, oyun çox çətin keçəcək. Məşqlər zamanı penaltilər seriyası üçün xüsusi olaraq hazırlaşırdıq. Lakin məsələni əsas vaxta həll etmək istəyirdik. Rəqib isə görüşün penaltilərə getməsinə çalışırdı. Bu, futboldur, bəxt hər zaman bizim tərəfdə olmur. Yarımfinala vəsiqə qazansaydıq, daha bir güclü komanda - Rumıniya ilə qarşılaşacaqdıq. Təəssüf ki, alınmadı. Oyunçularım turnir ərzində çox əziyyət çəkdilər”.
Onun sözlərinə görə, yarışdan əvvəl ilk üç yeri tutmağı qarşıya hədəf qoysalar da, buna nail ola bilməyiblər: “Artıq minifutbolda olan komandalar güclənməyə başlayıb. Rəqiblərimiz də iddialı kollektivlər idilər. Buna baxmayaraq, 1/4 finala kimi gəlməyi bacardıq. Heyətdən tam razı qaldım. İstədiyimiz oyunçularla turnirə yollanmışdıq. Bu dəfə alınmadı. Növbəti hədəf Azərbaycanda keçiriləcək dünya çempionatında uğurlu çıxış etməkdir. Ona kimi heyətdə kiçik dəyişikliklər ola bilər”.
Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstana qalib gəlib – 3:1.