Minskdə MDB ekspertləri bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər
Minsk, 17 iyun, AZƏRTAC
İyunun 23-24-də Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik iştirakçıları olan dövlətlərin 2020-ci ilə qədər olan dövrdə bədən tərbiyəsi və idmanın inkişaf strategiyasının həyata keçirilməsi üzrə 2016-2018-ci illər üçün Tədbirlər Planı Layihəsinin tamamlanması və razılaşdırılması üzrə Ekspert Qrupunun iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a təşkilatın qərargahının mətbuat xidmətində məlumat verilib.
Plan layihəsi MDB-nin iştirakçıları olan dövlətlərin təqdim etdikləri təkliflər əsasında Bədən tərbiyəsi və idman Şurası tərəfindən hazırlanıb.
Sənədə idmanın və sağlam həyat tərzinin təbliğinə, kütləvi idmanın və uşaq-gənclər idmanının, əhali arasında bədən tərbiyəsi və idman işinin təşkilinin klub sisteminin və yüksək nailiyyətlər idmanının inkişafına yönəlmiş 80-dən çox tədbir daxil edilib.
Planın böyük bir bölməsində sosial imkanları məhdud olan əhali kateqoriyaları, o cümlədən əlillər, yetimlər, çoxuşaqlı və uğursuz ailələrdən olan uşaqlar, ahıllar və veteran idmançılar üçün bədən tərbiyəsi və idman tədbirləri keçirilməsi nəzərdə tutulur. İdman elminin və təbabətin, innovasiyalı əməkdaşlığın inkişafına, idman sahəsində mütəxəssislərin peşə hazırlığının və kadrların ixtisas səviyyəsinin artırılmasının təmin edilməsinə, idman sahəsində mübadilənin genişləndirilməsinə yönəlmiş tədbirlərə xüsusi yer ayrılır.
Sənəddə MDB iştirakçıları olan dövlətlərin milli idman növlərinin və mədəniyyətlərarası dialoqun inkişafı, beynəlxalq idman ekspedisiyalarının təşkili, idman və gənclər düşərgələri keçirilməsi, turizm sahəsinə aid obyektlərdən idman tədbirləri üçün istifadə edilməsinə kömək, idman turizminin inkişafı, təbii mühitdə idman məşğələləri və fəal istirahət üçün şərait yaradılması məsələlərinə xüsusi diqqət yetirilir.
Plan tamamlanıb ekspertlər tərəfindən razılaşdırılandan sonra onun müəyyən olunmuş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim edilməsi nəzərdə tutulur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk