Minskdə Şərq Tərəfdaşlığı ölkələrinin nazirliklər səviyyəsində qeyri-rəsmi dialoqlarının beşinci raundu keçiriləcək
Minsk, 24 iyun, AZƏRTAC
AZƏRTAC Belarusun Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iyunun 29-da Minskdə “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin nazirliklər səviyyəsində qeyri-rəsmi dialoqlarının beşinci raundu keçiriləcək.
Mətbuat xidmətinin məlumatına görə, “Belarusun sədrliyi ilə iyunun 29-da Minskdə “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin nazirliklər səviyyəsində qeyri-formal dialoqlarının beşinci raundu keçiriləcək. Bu raundda “Şərq Tərəfdaşlığı” ölkələrinin həm ətraf mühitin mühafizəsi nazirlərinin, həm də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub”.
Ətraf mühitin mühafizəsi nazirlərinin görüşündə tərəfdaş ölkələrin təbiəti mühafizə idarələrinin rəhbərləri ilə yanaşı, Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan, ətraf mühit, dəniz siyasəti və balıqçılıq məsələləri üzrə komissarı Karmen Vella və Latviyanın Ətraf Mühit və Regional İnkişaf Nazirliyinin dövlət katibi Quntis Pukitis iştirak edəcəklər.
Belarus nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir: ”Ümidvarıq ki, Minskdə “Şərq Tərəfdaşlığı” ölkələrinin Avropa strukturları nümayəndələrinin iştirakı ilə nazirliklər səviyyəsində qeyri-rəsmi dialoqları çərçivəsində ətraf mühitin mühafizəsi nazirlərinin görüşü Avropa İttifaqı ilə dialoqun inkişafına əhəmiyyətli töhfə verəcək”.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı”nın iştirakçısı olan ölkələrin xarici işlər nazirləri və sahə nazirliklərinin rəhbərləri səviyyəsində qeyri-rəsmi dialoqları 2012-ci ildən keçirilir. İndiyə qədər dörd raund keçirilib. Bu raundlardan biri 2014-cü ilin sentyabrında Bakıda olub. Həmin raundda energetika nazirləri görüşüblər.
Nazirliklər səviyyəsində qeyri-rəsmi dialoqların əsas məqsədi “Şərq Tərəfdaşlığı”nın fəaliyyətinə və beynəlxalq gündəliyin aktual məsələlərinə dair müntəzəm və açıq fikir mübadiləsi aparmaq üçün platformalar təqdim etməkdir. Qeyri-rəsmi dialoqlarda hər hansı yekun sənədin və ya bəyanatın qəbul edilməsi nəzərdə tutulmur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk